Zeytun budağı əməliyyatı
Zeytun budağı əməliyyatı və ya Əfrin əməliyyatı, Əfrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı (türk. Zeytin Dalı Harekâtı) — 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Əfrin bölgəsinə doğru başladılmış hərəkat. Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən "terrorçu" ünsürləri məğlub etməkdir. İraq Şam İslam Dövlətinin bölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Əfrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır.
Suriya vətəndaş müharibəsinin gedişində, 2012-ci ilin yazında Suriya Ordusunun geri çəkilməsi nəticəsində Hələb mühafəzəsinda yerləşən Əfrin şəhəri PYD-nin nəzarəti altına keçdi. 2014-cü ilin yanvar ayında YPG Əfrin bölgəsində tək tərəfli müstəqillik elan etdi. 2016-cı ilin əvvəlində isə Şimali Hələbdə yerləşən Tel Rıfatı ələ keçirdi. Buna qarşı olaraq Türkiyə hökuməti YPG mövqelərinə artilleriya zərbələri endirmək barədə qərar qəbul etdi. Türkiyə tərəfindən 2016-2017-ci illərdə həyata keçirilən Fərat Qalxanı əməliyyatı nəticəsində Suriya sərhədindəki IŞİD hakimiyyəti sona çatdı.